
Dünən Misli Premyer Liqasında "Neftçi" "Araz-Naxçıvan"la qarşılaşıb. "Ağ-qaralar" 5:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, matçın ardınca meydan sahiblərinin futbolçusu Rüfət Abbasov oyun haqda fikirlərini bildirib:
-Görüş barədə nə deyə bilərsiniz?
-Çətin matç olacağını gözləyirdik. Azarkeşlərimiz önündə oynayırdıq. Qələbə qazandıq və bunun davamını gətirmək istəyirik.
-Əvvəl də "Neftçi"də çıxış etmisiniz və yenidən komandaya qayıtdınız, adaptasiya prosesiniz tamamlanıb?
-Bildiyiniz kimi, burada böyümüşəm. Akademiyada olmuşam. Sonradan "Şamaxı"da oynamışam. Adaptasiya dönəmim yaxşı keçir. Bura mənim evimdir. Oyundan-oyuna daha yaxşı olacağıma inanıram.
-İkinci matçdır ki, əsas heyətdəsiniz. Artıq sizi mütəmadi olaraq görə bilərik?
-Özüm və komanda üçün əlimdən gələnin ən yaxşısını edirəm. Bunun üçün də çalışacam. Bütün qarşılaşmalarda əsasda olmaq istəyirəm.
-"Sabah" və "Qarabağ" Avropada çıxış edəcək. Sizin üçün tək rəqib "Turan Tovuz" qalır. Onlar sizə nisbətən daha çox yorulacaq. Bu il "Neftçinin" 90 illiyidir. Bu, sizin çempionluq şansınızı artırır?
-"Sabah"ı təbrik edirəm və "Qarabağ"a da uğurlar arzulayıram. Biz onlara baxmayacağıq. Meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edəcəyik. 90-cı ilimizdə çempion olmaq istəyirik.
Əlisahib İbrahimli