
İkinci Liqanın 3-ci turunda "Hypers"lə qarşılaşan "Şirvan" çətin qələbə qazanıb. Bununla belə, bölgə təmsilçisi evdə əldə etdiyi 1:0-lıq qalibiyyətlə liderliyə yüksəlib. Sözügedən komanda hazırda çempionatda xal itirməyən yeganə komandadır və maksimum nəticə ilə liderdir.
Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında son görüşü belə şərh edib:
"Çətin oyun oldu. "Hypers" "dişli" rəqibdir, fiziki cəhətdən hazırlıqlı, mübariz komandadır. Şadam ki, belə rəqiblə görüşdə xal itkisindən qaça bildik. Məni itkilərimizin çoxluğu narahat edir. Belə planlaşdırmamışdım. Cəmi üç tur geridə qalıb, artıq 3-4 futbolçumuz ağır zədə alıb. Təsəvvür edin, Comərd Baxşəliyevin ayağı sınıb, Mehman Məsimovun çiyin bağı qopub, İbrahim Aslanlı qasıq nahiyəsindən zədə alıb. "Hypers"lə oyunun startında isə İbrahim İbrahimli rəqiblə toqquşmada dizindən ağır zədə aldı və 8-ci dəqiqədə onu əvəzləməli olduq. Müayinənin nəticəsini gözləyirik. İnşallah, uzun müddətə sıradan çıxmaz.
Heyətdəki itkilərə baxmayaraq, liderlik komandaya özünəinam verir. Ancaq xal itirmədən zirvədə qərarlaşmağımızın mənfi tərəfi də var. Belədə rəqiblər sənə qarşı ikiqat motivasiya və əzmlə oynayır. İstənilən halda, qələbələri sıralamağa və çempionluq mücadiləmizi davam etdirməyə çalışacağıq".
Qeyd edək ki, "Şirvan" növbəti oyununu "Şəki" komandasına qarşı keçirəcək. 4-cü turun görüşü 20 sentyabrda Şirvanda baş tutacaq.
Mirağa