
“Qarabağ” Misli Premyer Liqasının 6-ci turunda “Şəfa”nı qəbul edib.
Fanat.Az xəbər verir ki, 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:
"Futbolçuları təbrik edirəm. Şükürlər olsun ki, 3 xal qazandıq. Uzun bir fasiləyə çıxırıq. Fasilənin bizim üçün faydalı olacağını düşünürəm. "Şəfa"ya da uğurlar arzulayıram. Yaxşı mübarizə apardılar. Yaxşı müdafiə olunan kollektivə qarşı oynayırdıq. Zonaları yaxşı bağlayırdılar. Daha yaxşı oynamaq bizim borcumuzdur, bunu da futbolçulardan tələb edirik".
- Hər tur rotasiyalar edirsiniz, sizcə əlavə transferlərə ehtiyacınız var?
"Hal-hazırda transfer edə bilmərik, qış transfer pəncərəsində bütün imkanları səfərbər edəcəyik. Lazımlı oyunçuları heyətimizə qatacağıq, daha yaxşısı üçün hər şeyi edəcəyik".
- Son illər milli komandaya "Qarabağ"dan daha çox futbolçu gedirdi, indi isə 2 futbolçu çağırılıb, bu sizi təəssüfləndirirmi?
"Bəzi yerli futbolçularımız komandadan ayrıldı, Toral, Nəriman və s. Ümid edirik yerli futbolçuların sayı çoxalacaq".
- Bəhlul Mustafazadənin durumu necədir?
"10 gün sonra komandaya qoşula biləcək. Çox ciddi əməliyyatı oldu. Çox nadir rast gəlinən zədə idi".
- Hansı mövqelərə transfer etmək fikriniz var?
"Buna tam cavab verməsəm daha yaxşı olar".
- Azarkeşlərə bir çağırışınız varmı?
"Bizim azarkeşlərimizin sayı çoxdur, istərdim ki, hər oyun stadion dolsun. Biz azarkeşlərimizlə bir-birimizi çox istəyirik".
- Bu gün "Qarabağ"ın aşağı yaş kateqoriyalarında izlədiyiniz futbolçular var?
"Bəli, var, izləmədəyik".
Kamil Xudiyev