
Azərbaycan millisi bu gün saat 20:00-da Tacikistan ilə yoldaşlıq matçına çıxacaq.
Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb milli komandanın matçı barədə nə düşündüyünü soruşduq.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə olub:
"Bu il keçirilən ilk oyundur. Ona görə də Millətlər Liqasından əvvəl komandanı görmək, onun hansı səviyyədə və futbolçuların hansı formada olduğunu müşahidə etmək maraqlıdır. Düşünmürəm ki, Azərbaycan futbolunda çox adam kənarda qalıb. Bəlkə bir-iki nəfər ola bilər, bu da baş məşqçinin seçimidir və buna hörmətlə yanaşmaq lazımdır. İndi davamlı oynayan futbolçularımızın sayı az olduğu üçün seçimimiz də məhduddur. Əvvəllər 40-50 nəfərin içindən seçim edirdiksə, indi cəmi 20-25 futbolçu arasından seçim edirik. Bu baxımdan ciddi seçim məhdudiyyəti var. Bizi narahat edən əsas məsələ bir çox futbolçuların yəni istər legionerlərin, istərsə də yerli oyunçuların çoxunun oyun praktikasından əziyyət çəkməsidir. Bunun komandaya necə təsir edəcəyini zaman göstərəcək. 12 gün ərzində 4 oyun keçirmək yüksək fiziki hazırlıq tələb edir. Bu baxımdan oyun praktikasının olması çox vacibdir. Bu olmadan futbolçularımızın fiziki tərəfdən nə dərəcədə hazır olacağı sual altındadır. Qarşıdakı 4 görüşün hər birində uğurlar arzulayıram. Birinci matçdan sonra müəyyən ilkin mənzərəni görəcəyik və bundan sonra danışmaq daha asan olacaq".
Əlisahib İbrahimli