
İkinci Liqanın debütantı "Xankəndi"ndə baş məşqçi dəyişikliyi gözlənilir. Mövsümün startındakı nəticələr Qarabağ təmsilçisinin rəhbərliyini Zaur Hacıyevlə yolları ayırmağa vadar edir. Vakant posta namizəd kimi Röyal Nəcəfov və Kamal Quliyevin adı çəkilir.
Klubun meneceri Rəşad Orbey məsələ ilə bağlı Fanat.Az-a danışıb.
Klub rəsmisi bu barədə belə deyib:
"Doğrusu, "Xankəndi"də baş məşqçi dəyişikliyi müzakirə mövzusudur. Konkret namizədlərlə bağlı isə məndə hər hansı məlumat yoxdur. Dediyiniz mütəxəssislərlə bağlı qərar da verilməyib. Onların adının ortaya necə çıxması da mənə maraqlıdır. Mətbuat ehtimallar səsləndirir, amma klub hələ konkret namizədlə bağlı yekun qərar verməyib. Başa düşürük, məsələ tez bir zamanda həll olunmalıdır. Çünki fasilə dövründə komandanın baş məşqçisiz qalması narahatlığı var. Amma ayrılıq olsa belə, köməkçi-məşqçilərimiz məşq prosesini davam etdirəcəklər. Onlar da yerlərindədirlər, işləyirlər. Yaxın günlərdə baş məşqçi məsələsi ilə bağlı rəsmi mövqe açıqlanacaq".
Mirağa