
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, D Liqasında yer alan yığma 2-ci qrupun görüşündə Litva seçməsini qonaq edəcək.
Bakıda "8-ci km" qəsəbə stadionunda keçiriləcək baş tutacaq oyun saat 17:00-da başlayacaq. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Qustavo Korreya olacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu milli ilk iki matçda qələbə qazanmadığından qrup lideri olmaq şansını çətinə salıb. Bu üzdən litvalılarla bugünkü görüş taleyüklüdür. Komanda nəyin bahasına olur olsun, rəqibini yenməlidir.
Səfərdə Lixtenşteyni 2:0 hesabı ilə üstələyən, evdə Azərbaycanla 1:1 bərabərə razılaşan Litva yığması 4 xalla liderdir. Millimiz isə 2 oyundan topladığı 2 xalla 2-ci yerdə qərarlaşıb. Lixtenşteyn isə Bakıda əldə etdiyi 1 xalla qrup sonuncusudur.
Azərbaycan millisi qrupda son oyununu 13 noyabrda səfərdə Lixtenşteynə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr
17:00. Azərbaycan - Litva
Qustavo Korreya, Andre Filipe Noqeyra Dias, Andreya Souza, Migel Andre Monteyro Fonseka (hamısı Portuqaliya).
VAR: Bruno Esteves (Portuqaliya).
AVAR: Ana Klaudiya Silva Ribeyro (Portuqaliya).
Bakı. "8-ci km" qəsəbə stadionu.