
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Tvente"nin qonağı olacaq. Avqustun 20-də daha öncə avrokuboklarda 2 dəfə üz-üzə gəldiyi Niderland komandası ilə birinci matçına qonaq qismində çıxacaq Ağdam təmsilçisinin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb enshedelilərə qarşı 3-cü mübarizədən nə gözlədiyini soruşduq.
Əvvəlki qarşılaşmalarda iştirak etmiş, 2009-cu ildəki səfər görüşündə (1:3) hesabı açmış Nadirovun Fanat.Az-a açıqlaması belə oldu:
"Əvvəlki oyunlarımızda bir dəfə onlar qalib gəlib, bir dəfə biz. Bu, üçüncü mübarizədir. Yaxşı fürsətdir, ümumi sayı xeyrimizə dəyişə bilərik. İndiki "Tvente" bütün hallarda, güclüdür, amma "Qarabağ" da "Qarabağ"dır. Rəqib Niderland kimi fitbol ölkəsinin çempionatında yüksək yerlərdən birini tutub, Konfrans Liqasında iştirak hüququ qazanıb. "Qarabağ"ın isə müəyyən itkiləri var. Zakaria Savo, Elvin Cəfərquliyev zədəlidir. Yeni transfer Cəbrayıl Makreçkis də vərəqə cəzalısıdır... izun illərdir komandanın liderlərindən olan vinger Abdullah Zubir də 8 ildən sonra klubu tərk edib. Bütün bunlar təbii ki, baş məşqçinin seçim imkanlarını azaldır. Amma yenə də "Qarabağ"a inanıram. Ümid edirəm ki, bu dəfə də qələbə qazanan tərəf "Qarabağ" olacaq".
O, vurduğu qolu da yada salıb:
"Topu Ayxan Abbasov autdan oyuna daxil etdi. Pressinqlə rəqib müdafiəçidən alıb onu keçdim, digəri özünü yetirəndə sürüşərək qapıdan keçirdim. Təəssüf ki, sonradan 3 top buraxdıq... Həmin vaxt evdə heç-heçə etmişdik. Mərhələni adlamasaq da, pis mübarizə aparmamışdıq".
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Tərəflərin cavab görüşü iyulun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Nihat