Serbiyanın "Çukariçki" klubunun futbolçusu Srcan Miyailoviç "Sumqayıt"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı serb yarımmüdafiəçi Belqraddakı qarşılaşmada azarkeş dəstəyinin onlara əlavə üstünlük verəcəyini söyləyib:
"Püşkatma zamanı Azərbaycan təmsilçisi barədə demək olar ki, heç bir məlumatımız yox idi. Amma "Çukariçki”nin mütəxəssisləri geridə qalan müddət ərzində bu komanda yetərincə informasiya toplaya bilib. Təbii ki, Avropada asan rəqib yoxdur. "Sumqayıt”ın da üstün və zəif cəhətləri var. Lakin ilk qarşılaşmada çox şey həll ola bilər. Ümid edirəm ki, bu oyunda biz tribunalardan da böyük dəstək alacağıq. Eşitdiyimə görə, oyuna giriş pulsuz olacaq. Əminəm ki, azarkeşlərimiz bizə əlavə impuls verə və komandamızı qələbəyə daşıya biləcəklər”.
Qeyd edək ki, iyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu cütün qalibi növbəti raundda "Hammarbü” (İsveç) / "Maribor” (Sloveniya) duelinin güclüsü ilə üz-üzə gələcək.