
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" ilə qarşılaşacaq.
Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Danimarkada oynanılacaq ilk oyunla bağlı nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Orhus" qol vurmağı bacaran bir komandadır. Biz bunu "Lex"lə oyunda gördük. İlk oyunda 1:4 məğlub olsalar da, cavab görüşündə eyni hesabla qalib gəlməyi bacardılar. Penaltilər seriyasında isə turu keçdilər. Mükəmməl deyillər, ancaq nələrisə etməyi bacarırlar. "Kopenhagen"i çempionatda geridə qoymaqları çox şeydən xəbər verir. Ancaq ona qalsa, "Qarabağ" da "Kopenhagen"i udmağı bacarmışdı (2:0), lakin ikinci hissədə çətinlik çəkdiyini xatırlayıram. Bu o deməkdir ki, danimarkalılar lazım olanda müdafiə olunacaqlar, ehtiyac olduqda, hücum edəcəklər. Üçü mərkəz oyunçusu olmaqla, "5-li" müdafiə ilə oynayırlar, cinahlar çox aktiv işləyir. "Sabah" üçün çox çətin, ağır qarşılaşma olacaq. Ancaq dediyim kimi, "Orhus" məğlubedilməz deyil. "Bayquşlar" hücum potensialının yüksək olduğunu dəfələrlə göstərib. Sürətli oyunçuları var və bu onlar rəqibin səhvindən istifadə edə bilərlər. Qol vəziyyətləri yaradacaqlar, ancaq bu epizodları dəyərləndirmək vacibdir. Yaratdığın qol imkanlarından yararlanmalısan. Məncə, "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək".
Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması avqustun 5-də baş tutacaq və start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək. Cavab matçı isə avqustun 11-də oynanılacaq.
Əlisahib İbrahimli