
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev "Dinamo"su ilə qarşılaşacaq "Qarabağ"ın avqustun 6-da səfərdə keçirəcəyi ilk oyunda azərbaycanlı azarkeşlər üçün neçə yer ayrıldığı bəlli olub.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də matçın baş tutacağı Polşaya yola düşəcək Ağdam təmsilçisinin tərəfdarlarına 783 yer ayrılıb.
Polşanın çox sayda azərbaycanlının yaşadığı ölklərdən biri olduğunu nəzərə alsaq, "köhlənlər"in "Dinamo" ilə ilk dueldə dəstəksiz qalmayacağı gözlənilir.
Xatırladaq ki, sözügedən ölkənin Lublin şəhərində reallaşacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. UEFA görüşü danimarkalı hakimlər briqadasına tapşırıb. Baş hakim Morten Kroqa laynsman qismində Şteffen Bramsen və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-da Yakob Kelet, AVAR-da isə Yens Maye olacaq. Tərəflərin cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycandakı matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Nihat