Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" öz meydanında İsrail "Aşdod"unu qəbul edəcək.
Millimizin sabiq baş məşqçisi, Azərbaycanın tanınmış futbol mütəxəssisi Şahin Diniyev Fanat.Az-a açıqlamasında "Qarabağ"ınn bu görüşdəki şanslarını dəyərləndirib.
"İlk olaraq onu qeyd edim ki, klubun adı "Aşdod" yox, "Ajdod"dur. İsrailin orta səviyyəli klubudur. "Makkabi", "Apoel" kimi hegemon sayılmır. Amma avrokuboklara yüksəlməsi klubun mübarizliyindən xəbər verir. İsrail futbolu bu gün yaxşı səviyyədədir. Mötəbər yarışların final mərhələsinə çıxmasalar da, təsnifatlarda yaxşı təsir bağışlayırlar. Bunu deməkdə məqsədim budur ki, bu klubun futbolçuları millidə çıxış edən oyunçulardır. İsrail klubları ümumiyyətlə, texnikalı futbol sərgiləyir. İspan və portuqallara daha yaxın futbol oynayırlar. Bu səbəbdən də rəqibi ciddi qəbul etmək lazımdır. Düzdür, "Qarabağ" Avropa təcrübəsinə malik bir klubdur, Çempionlar Liqası təcrübəsi var. Amma futbolda rəqibi vaxtında qiymətləndirməsən, bunun peşmançılığını çəkirsən. Ümidvaram ki, "Qarabağ" rəqibi lazımınca dəyərləndirəcək".
Qeyd edək ki, "Qarabağ" - "Aşdod" (İsrail) oyunu Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.
Emin Şəmsiyev