Bu gün UEFA Konfrans Liqasının (KL) ilk turu çərçivəsində "Qarabağ" İsveçrə "Bazel"ini qəbul edəcək.
Fanat.Az "20min.ch" saytına istinadən xəbər verir ki, rəqibin əsas heyət oyunçularından bir neçəsi Bakıya gəlməyib.
Komandanın mərkəz müdafiəçisi Fabian Fray istirahət səbəbindən səfəri buraxmalı olub. Baş Məşqçi Patrik Rahmenin (Patrick Rahmen) sözlərinə görə futbolçu olduqca çox oyun keçirib və ölkə çempionatında çıxışları üçün istirahətə ehtiyacı var.
Komandada icarə əsasında oynayan "İnter"ə məxsus 19 yaşlı hücumçu, hazırda ölkə çempionatında ikinci bombardir olan Sebastiano Esposito isə zədə səbəbindən KL oyunununda iştirak etməyəcək.
Əsas heyətin daha iki futbolçusu Jordi Kvintell və Edon Jerqov da zədəlidir. Bundan başqa, Andrea Padula və Qonsalo Kardozu da komanda ilə Bakıya gəlməyənlər sırasındadır.
Xatırladaq ki, "Qarabağ" - "Bazel" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Emin Şəmsiyev