Ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda "Qarabağ" öz meydanında “Bazel”lə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, 90 dəqiqə "Qarabağ"ın üstünlüyü keçsə də, görüş 0:0 hesabı ilə başa çatıb.
Oyundan sonra Ağdam təmsilçisinin sabiq mətbuat katibi Nurlan İbrahimov matçla bağlı fikirlərini bölüşüb. O, hisslərini "Facebook" səhifəsi üzərindən paylaşıb:
"Bu gün (red. dünən) "Qarabağ" uduzsaydı rahatlıqla qrup mərhələsini aşacağını iddia edərdim. Daha rahat mentallıqda 9 xal komandaya "play-off" üçün kifayət edəcəkdi.
Amma indi yenə də eyforiyaya qapılıb, hamıdan güclü iddiasıyla qrupdakıları "qapazaltı" edəcəyik. Komandanı yenə vaxtından əvvəl, mübarizəsiz "play-off"lara göndərəcəyik.
İndi bu qədər cəsarətli əzmkarlığın qələbə gətirməməsi rəqiblərini daha diqqətli olmağa vadar edəcək. Üstəlik, hamının bugünkü fiyeriyadan sonra iştahı açılacaq, xəyalları şirinləşdirəcək.
Amma bir gerçək dəyiş(il)mə(z)dir. Qurban Qurbanov ardıcıl 1 komandanı dəyişən nəsillərlə daim özüylə hesablaşmağa vadar edir. Bu, inanılmazdır, təsvir hissi ifadəolunmazdır. İsveçrə təbii ki, İspaniya, İngiltərə deyil. Amma ideal olmayan, hətta natamam şərtlərlə standartları aşdıran, inandıran, başqa sözlə iynəylə meydan (komanda) quran Qurbanovun etdikləri cəfakarlıq, fədakarlıqdır.
Bu gün stadionda komandanı izləyənlər, ekranları başında o həyəcanı yaşayanlar meydanda forması üçün ruhuyla mübarizə aparanlarla qürur duydular. Bu sadəcə bir komandanın estetik gözoxşamasından daha çox biz bunu bacararıq inamı və həzz idi.
Futbolun Qurban Qurbanova bir "play-off" borcu var. O borc mütləq ödəniləcək, ödənilməlidir.
Şəmsəddin Abbasova isə şərhə ürəyini qoymasına görə ayrıca ürək düşür.
Hə, bir də, bu gün Qurban Qubanovun komandasının meydanda pərvazlanmasının eyniadlı komandanın hürriyyətinin mistik ruhu var idi. Cəsarət təcəlli edilmişdi".
Röya