UEFA Konfrans Liqasında mübarizə aparan "Qarabağ" bu gün qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.
Oyunla bağlı tanınmış idman jurnalisti Rasim Mövsümzadəyə müraciət etdik. O, hər iki komanda ilə bağlı maraqlı faktlardan ibarət araşdırmasını Fanat.Az-la bölüşdü.
* 1976-cı ildə “Kayrat” SSRİ çempionatı 1-ci liqasının qalibi, “Neftçi” isə ikinci olaraq güclülər dəstəsinə vəsiqə qazanıblar. O vaxt Bakı komandasının məhz Ağdam əsilli hücumçusu Elbrus Abbasov 28 qolla turnirin bombardiri olub.
* “Qarabağ” və “Kayrat”ın mübarizəsindən əvvəl bu klubların baş məşqçiləri Qurban Qurbanov və Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatı 1-ci divizionu çərçivəsində iki dəfə üz-üzə gəliblər. O vaxt Qurbanov Voronej “Fakel”inin hücumçusu, Berdıyev isə Kazan “Rubin”inin baş məşqçisi olub. Hər iki qarşılaşmada həmyerlimizin komandası eyni 0:2 hesabı ilə uduzub.
* “Qarabağ”ın qapıçı məşqçisi Elxan Həsənov vaxtilə futbolçu kimi “Kayrat”a qarşı çıxış edib. O, 1988-1990-ci illərdə SSRİ çempionatı və digər yarışlar çərçivəsində Almatı klubu ilə ümumilikdə 7 oyunda “Neftçi”nin qapısını qoruyub.
* “Qarabağ”ın hazırkı heyətindən iki futbolçu vaxtilə Qazaxıstanda çıxış edib. Riçard Almeyda 2018-ci ildə “Astana” ilə Avropa Liqasının qrupunda oynayıb, Emil Balayev isə 2019-cu ildə “Tobol Kostanay”ın qapısını qoruyub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.
Röya