Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Olimpik Marsel”in baş məşqçisi Xorxe Sampaoli ölkəsində tənqid hədəfinə tuş gəlib.
Fanat.Az xəbər verir ki, 61 yaşlı argentinalı mütəxəssis Fransa çempionatında ilk pillələr uğrunda mübarizə aparmalarına baxmayaraq, Konfrans Liqasına da ciddi yanaşdıqlarını söyləməsi birmənalı qarşılanmayıb:
“Konfrans Liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir. Bu turnirə qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün fürsətdir. Hədəfimiz Konfrans Liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir”.
Sampaolinin bu ambisiyası heç də hamını, o cümlədən, Fransanın "RMC Sport" kanalının şərhçisi Vinsent Moskatonu qane etməyib. Reqbi millisinin sabiq oyunçusu baş məşqçini sərt tənqid edib: "Konfrans Liqası "Olimpik Marsel" üçün titul deyil. Sampaoli insanları hər xırda şeylə həyəcanlandırmaq məcburiyyətində deyil. Çempionlar Liqası və Avropa Liqası var və bu kifayət edir. Əksinə, "Olimpik Marsel"in məşqçisi Konfrans Liqasına düşdüyü üçün utanmalıdır. Konfrans Liqasındansa, Fransa Liqa1-də kuboku qazanmaq daha yaxşıdır".
Qeyd edək ki, “ Olimpik Marsel”lə “Qarabağ” arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.
Mirağa