"Neftçi" iyulun 21-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək. Həmin qarşılaşmaya təxminən bir ay qalıb, amma "ağ-qaralar"ın yeni baş məşqçisi hələ də müəyyən olunmayıb.
Mövcud durumla bağlı "Qəbələ" və "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov Fanat.Az-a danışıb:
"Əlbəttə ki, "Neftçi" üzdə olan komandadır. Hər zaman diqqət mərkəzindədir. Bu mövzuda tələsmək də olmaz. Düzdür, hazırda baş məşqçi seçimi ilə bağlı gecikmə var. Bunu danmaq olmaz. Hamı kimi, biz də komandaya yaxşı mütəxəssisin gələcəyini gözləyirik. İyulun sonlarında artıq "Neftçi" Konfrans Liqasınını ikinci təsnifat mərhələsində oyuna çıxmalıdır. Baş məşqçinin olmaması hamıda narahatlıq doğurur. Belə hallar olur. Komandaya baş məşqçi tapmaq da çətindir. Həmin mütəxəssisin fikirləri klubla üst-üstə düşməlidir. Yəni seçim etmək də asan məsələ deyil.
Biz klubun daxilində gedən prosesləri bilmirik. Hər halda, rəhbərlik də "Neftçi" üçün ən yaxşısını arzulayır. Mətbuatdan görürük ki, Vernidub və Qonçarenkonun adları hallanır. Yuri Vernidubu önə çıxarardım. Onun "Şerif"lə ÇL-dəki çıxışı diqqət çəkib. Belə bir mütəxəssis gətiriləcəksə, gözləməyə dəyər.
Amma istənilən halda, bu gecikmə komandaya təsirsiz ötüşməyəcək. Yeni məşqçi gəlib komanda üzvləri ilə tanış olmalıdır. Uyğunlaşma prosesi var ki, bu da zaman aparır. Hər şeyə "pis olacaq" demək də olmur. Bunun yaxşı tərəfi də var. Yeni cəlb olunmuş futbolçular və baş məşqçi özünü dərhal yaxşı tərəfdən göstərmək istəyəcək ki, bu effekt verə bilər".
Emin Şəmsiyev