Azərbaycan sablyaçısı Anna Başta İtaliyanın Padua şəhərində keçirilən Qran-Pri turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan turnirin reytinq favoriti ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmasında yaponiyalı Yumi Vakitanı yenən (15:10) Anna "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gəlib. Burada qılıncoynadanımızın rəqibi italyan Rossella Qreqorio olub. Rəqibini 15:7 hesabı ilə məğlub edən Başta yarımfinala yüksəlib.
Yarımfinalda Yaponiyanın daha bir təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan 26 yaşlı sablyaçı finalda "gündoğar ölkə"nin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən Anna Qran-Prinin qızıl medalına layiq görülüb.
Xatırladaq ki, Anna Başta cari ildə daha öncə Bolqarıstanın Plovdiv və Yunanıstanın Afina şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb. Qılıncoynadanımız hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü sırada qərarlaşıb.