"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, mərhum şahmatçının atası Qasım Həşimov, Təşkilat Komitəsinin üzvləri və digər şəxslər iştirak ediblər.
Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardınca Vüqar Həşimov haqqında videoçarx nümayiş olunub.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, memorialın Təşkilat Komitəsinin sədri Qasım Həşimov çıxış ediblər.
"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.