
Braziliyanın nəhəng klubu "Flamenqo" qış transfer pəncərəsi üçün "Fənərbağça"nın yarımmüdafiəçisi Fredi hədəfə alıb.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Yusuf Kenan Çalık yayıb.
Fred bu mövsüm "Fənərbağça"nın əsas oyun qurucularından biri olaraq diqqət çəkib. Braziliyalı futbolçu Super Liqada və avrokuboklarda ortaya qoyduğu liderlik, yüksək presinq qabiliyyəti və matç başına böyük məsafə qət etməsi ilə tanınır. O, bu mövsüm indiyə qədər çıxış etdiyi oyunlarda yüksək dəqiqliklə ötürmələr edərək komandanın hücum quruculuğunda əsas fiqurlardan birinə çevrilib.
"Flamenqo" isə yaxın aylarda orta sahəni gücləndirmək üçün təcrübəli və hazır futbolçu axtarır. Klubun skautlarının Fredin bu mövsüm göstərdiyi performansı yaxından izlədiyi bildirilir. Braziliyalı futbolçunun yenidən ölkəsinə qayıtmaq ehtimalı "Flamenqo" rəhbərliyini daha da aktivləşdirib.
Hazırda rəsmi təklif yoxdur, lakin "Flamenqo"nun qış transfer pəncərəsində Fred üçün masaya oturacağı gözlənilir.
Kamil Xudiyev