"Biz hakim səhvlərinə görə klubların müraciətini gözləmirik. Hansısa səhv olduqda, özümüz müvafiq qərarlar qəbul edirik. Futbol hakimlərini az qala hər epizoda görə günahkar çıxarırlar. Amma harda səhv yoxdu ki?" Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri Premyer Liqadakı hakim səhvləri ilə bağlı danışıb: "Müxtəlif söz-söhbətlər gəzir ki, PFL hansısa klublara kömək edir. İndiyə qədər hansı komanda Azərbayan Kubokunu və ya çempionluğu PFL-in sayəsində qazanıb? Bu, sadəcə, nəticə qazana bilməyən klubların sponsorlar qarşısında öhdəliklərini yerinə yetirmədikləri üçün axtardıqları bəhanədən başqa bir şey deyil. Hakimlik haqda çox danışmaq olar. Uduzan komandalar həmişə günahı hakimdə görür. Elə bir hakim yoxdu ki, etdiyinə görə cəzalandırılmasın. Dünyada elə bir hakim varmı ki, səhvi olmasın? Bizim çalışdığımız odu ki, hakimlər qərəzli olmasın. Bütün oyunlar PFL tərəfindən izlənilir. Həmin görüntülərə mənim otağımda baxılır və lazımi ölçü götürülür".