"İki səfər matçından sonra sabah Bakıda oyuna çıxacağıq”.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə sabah keçiriləcək oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Bakı Olimpiya Stadionunun konfrans zalında media önünə çıxan italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Ötən iki matçda bəzi keyfiyyətlərimizi göstərə bildik. Çatışmayan cəhətlərimiz var. Bunları yaxşılaşdırmalıyıq. Sabahkı rəqib fiziki və texniki cəhətdən güclüdü. 95 faizi xaricdə oynayır. Bizi ağır oyun gözləyir”.
- Portuqaliya ilə oyunda ikinci hissəni, Qətərlə görüşdə isə birinci hissəni yaxşı keçirdiniz. Stabillik üçün nə çatmır?
- İki fərqli oyun oldu. Fərqli rəqiblər idi. Portuqaliyaya qarşı ilk hissədə futbolçularda utancaqlıq oldu. İkinci hissədə özlərinə inandılar, qorxusuz oynaya biləcəyimizi göstərdik. Komandanın ikinci hissədə ortaya qoyduğu xarakterdən razı qaldım. Qətərlə görüşdə millidə az oynayanlara şans verdik. Bəzilərinin fiziki durumları da qənaətbəxş deyildi. İkinci qolu da vura bilərdik. Penaltini də hakim rəqibə hədiyyə etdi. İkinci qol epizoduna gəlincə, 100 zərbədən birində o cür qol olardı.
- Bəhlul Mustafazadə xəsarət aldı. Zədəlilərlə bağlı son durum necədir?
- Bəli, ayağından zərbə aldı. Sabaha hazır olub-olmayacağını bilmirik.
- Start heyətini müəyyənləşdirmisiz?
- Sabah nəyə qadir olduğumuzu göstərmək üçün böyük istəklə oyuna çıxacaq futbolçular start heyətində yer alacaq.
- Rəqibin baş məşqçisi Serbiya ilə Azərbaycan yığmalarının hansısa sirrinin olmadığını söylədi. Bəs siz aşağı yaş qrupu üzrə yığmalarımızda çalışan serblərdən - Milan Obradoviç və Miloş Velebitdən nə isə öyrəndiz?
- Bəli, Milanla danışmışıq. Amma indi yox, bir müddət əvvəl. Serblər məşqçilərini dəyişiblər, ilk iki görüşdə 4 xal toplayıblar. Böyük təcrübələri var. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır.
- Emin Mahmudov böyük təzyiqdən sonra milliyə çağırıldı və artıq əsas heyətdə yer alır. Nə çatmır ki, komanda Eminin ətrafında toplaşıb istədiyimiz oyunu sərgiləsin?
- Emin koronavirusla bağlı çətin period keçirdi. Amma böyük təcrübəyə malikdir və hazırda əla formadadır. Seçmə mərhələdən əvvəl onunla ayrıca görüşüb danışdıq. Onun barəsində başqa cür düşünürdüm. Amma görüşdən sonra fikrim dəyişdi. Ağıllı, ölkəsinə, vətəninə sadiq uşaqdır.
- Milliyə gəldiyiniz zaman ilk mətbuat konfransınızda bildirmişdiniz ki, millidə mentalitet, taktika və çalışqanlıq dəyişməlidir. Bu müddətdə həmin məqamlardan hansında dəyişiklik olub?
- O qədər də tez-tez görüşə bilmirik. 6 gündə 3 oyun keçirəcəyik. Portuqaliya ilə görüşə də bir həftə əvvəl yığışdıq. Mentalitet üzərində çox işləyirik. Amma bu, bir gün ərzində dəyişə bilməz. Uşaqlar inkişafa daha çox istəkli olmalı və inanmalıdırlar. Heç bir oyunu beyinlərində uduzmamalıdılar.
- Azarkeşlərimiz çox əsəbidir, sizdən qələbə gözləyirlər. Nəhayət, sabah ilk qələbəni görə biləcəyik?
- Təəssüf ki, mən özüm də çox narahatam. Çoxlu istək, meydançada vuruşmaq lazımdır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir.
- Son iki oyuna əsasən deyə bilərsiz ki, bu komanda final mərhələsinə vəsiqə qazana bilər?
- Çox tez irəli qaçırsız. Biz hələ başlanğıcdayıq. Bu gün uşaqlarla danışdım, dedim ki, buna inanmalıyıq. Çünki özümüz inanmasaq, heç nəyə nail ola bilmərik. Qrupun 5-ci komandasıyıq. Amma futbolda həmişə güclülər qalib gəlmir.
- Serbiya yığması ilə 5 dəfə qarşılaşmışıq. 2003-cü ildə bu komanda ilə səfərdə bərabərə qalıb, evdə qələbə qazanmışıq. Həmin dövrdə də indiki kimi, heyətin əsasını yerli çempionatda oynayanlar təşkil edirdi. Serbiyadan bu dəfə minimum 1 xal ala biləcəyikmi?
- Niyə limit qoyursuz? 10-15 il əvvəl necə olduğunu deyə bilmərəm. Bilmirəm Azərbaycanın əvvəlki futbolçuları daha güclü idilər, yoxsa bəxtləri gətirmişdi. Sabah güclü komandaya qarşı oynayacağıq.
- Mahir Emreli 6 gündə üçüncü matça çıxmağa hazırdır?
- Fiziki baxımdan hazırdır. Qətərlə görüşdə 65 dəqiqə oynadı. Qətərin yoldaşlıq görüşləri olduğu üçün bütün oyunçulara şans verə bilərlər. Biz isə seçmə mərhələ matçını da düşünməli idik. Mahirlə bağlı qərarı sabah verəcəyik.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol