Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Fanat.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız Avropa birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Xəyal Həsənov (50 kq) finalda Daniil Mustafini (Rusiya), İslam Rəhimov (55 kq) digər Rusiya təmsilçisi, erməni əsilli Samvel Mxitaryanı məğlub edib. Qızların yarışındakı təmsilçimiz Aydan Vəliyeva(48 kq) isə qızıl medal uğrunda həlledici qarşılaşmada rumıniyalı Vanessa Toleanı üstələyərək, Avropa çempionu olub.
Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb.
Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yarışda qitənin 37 ölkəsindən olan idmançılar mübarizə aparır. Milli komandamız Avropa birinciliyində 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunur.
Sahib Əsədbəyli