Mövlud Mirəliyev kişilərdən ibarət Azərbaycan cüdo millisinə baş məşqçi təyin olunduqdan sonra vaxtilə yığmada onunla çiyin-çiyinə çalışmış Fərhad Məmmədovun da komandaya qayıtması gözlənilirdi. Lakin yeni məşqçi heyətində keçmiş çalışdırıcının adına rast gəlmədik.
Fanat.Az-a danışan Məmmədov sözügedən məsələyə belə reaksiya verib: "Hər halda xidmətimə gərək duymayıblar. Lazım bilsəydilər, çağırardılar. Kimləri məsləhət biliblərsə, onlar da təyin olunub. Açığı, hazırda başım öz işlərimə qarışıb, bu barədə düşünməyə imkanım yoxdur. Kluba rəhbərlik edirəm, həm də məşq keçirəm".
Federasiya rəhbərliyi ilə münasibətlərinin qaydasında olduğunu bildirən mütəxəssis qarşıda xidmətinə ehtiyac duyulacağı halda milliyə qayıtmasını istisna etməyib.
Qeyd edək ki, Fərhad Məmmədov 2017-ci il ərzində cüdo yığmamızın baş məşqçisi olub. Keçmiş çalışdırıcı ukraynalı Ruslan Maşurenkonun təyinatından sonra bir müddət köməkçi-məşqçi işləyib. Sonradan baş məşqçi ilə fikir ayrılığı səbəbindən yığma ilə yollarını ayırıb.
Sahib Əsədbəyli