Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə mübarizə aparan hər iki cüdoçumuz medalsız qalıb. İsmayıl Zamanov (81 kq) 1/8 finalda çıxışını dayandırıbsa, Əlirza Şıxəlizadə (90 kq) 5-ci yeri tutub.
Beləliklə, yığmamızın qitə birinciliyindən qazancı 3 qızıl, 1 gümüş, 2 bürünc medal olub. Bu nəticə ilə Azərbaycan milli komandası yarışı ikinci sırada tamamlayıb.
İlk yeri Rusiya yığması tutub (5 qızıl, 4 gümüş, 2 bürünc medal). İsrail millisi isə 2 qızıl, 1 gümüş, 1 bürünc mükafatla üçüncü nəticə göstərib.
Avropa çempionatına 37 ölkədən 391 cüdoçu qatılıb.
Qeyd edək ki, millimizin hesabına "qızıl"ları Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və qızların yarışında Aydan Vəliyeva (48 kq) yazıb. "Gümüş" Aydın Rzayevin (60 kq), "bürünc"lər isə Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadənin (60 kq) sayəsində əldə olunub.
Sahib Əsədbəyli