Tokio 2020 Yay Paralimpiya Oyunlarının atletlər kəndində Azərbaycan cüdoçusu Ramil Qasımovdan götürülən koronavirus testi pozitiv çıxıb.
Fanat.Az xəbər verir ki, Rio 2016 Paralimpiadasının qalibindən bir neçə saat sonra götürülən təkrar test nümunəsinin də cavabı pozitiv olduğundan idmançımız Tokioda xüsusi karantinə yerləşdirilib və yarışlardan kənarlaşdırılıb.
Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə dönəcək.
Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Millimizin üzvlərindən gündəlik test götürüləcək.
Karantinə alınmış idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin onların açılış mərasiminə qatılmalarına icazə verilməyib.
Bu səbəbdən, Oyunların açılışında Azərbaycanın bayraqdarı da dəyişdirilib. Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyevi Pekin 2008 Yay Paralimpiya Oyunlarının atletika üzrə qalibi Oloxan Musayev əvəzləyəcək.
Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Sahib Əsədbəyli