"Oyun çox çətin və gərgin alındı. Olduqca istəkli komandaya qarşı oynadıq".
Fanat.Az xəbər verir ki, bunu "Olimpik Marsel"in qapıçısı Stiv Mandanda deyib.
Təcrübəli "çərçivə" qoruyucusu Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının ilk pley-off matçının ardından belə danışıb:
"Oyunun əvvəllərində qol epizodlarına girmək baxımından çətinlik çəkdik. Standart vəziyyətdən yaxşı faydalandıq. Künc zərbəsindən sonra fərqlənməyimiz yerinə düşdü. Əlbəttə, bu, bizim ən yaxşı oyunumuz deyil. Amma əsas odur ki, qalib gəldik.
Rəqib də çoxsaylı qol imkanları yaratdı. Həmin epizodlarda bacardığım qədər öz işimi gördüm. Fərdi və kollektiv nailiyyətimizə görə çox xoşbəxtəm. Rəqibin oyunlarının videolarını izləmişdik. "Qarabağ" topu özündə saxlamağı bacaran, meydanda öz üslubuna sadiq qalan, çox yaxşı komandadır. Bütün bunları bilir, bizi nəyin gözlədiyini anlayırdıq.
Əminəm ki, cavab görüşü də çətin olacaq. Vurduğumuz üçüncü qol bizə üstünlük qazandırır".
Qeyd edək ki, cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.