“Olimpik Marsel”lə oyunun hazırlıqlarını davam etdirən “Qarabağ”ın düşərgəsində sürpriz əcnəbi qonaqlar var.
Fanat.Az xəbər verir ki, bu qonaqlar “Qarabağ”ın düşərgəsinə Qazaxıstandan təşrif buyurublar. UEFA tərəfindən Azərbaycana göndərilən mütəxəssislərin gəlişi heç də səbəbsiz deyil.
Belə ki, qazaxıstanlı mütəxəssislər Əli Əliyev, İqor Soloşenko və Rinat Alyuetov UEFA-nın PRO kateqoriyalı kursları çərçivəsində Bakıya səfərə gəliblər. Onlar məhz UEFA-nın tövsiyyəsi ilə praktiki məşğələləri “Olimpik Marsel”lə oyuna hazırlaşan “Qarabağ”ın düşərgəsində keçirlər. Həmin mütəxəssislərin içində Əli Əliyevin adı azərbaycanlı futbolsevərlərə həm tanış, həm də doğmadı.
Almatı vilayətində doğulan Əli Əliyev “Kayrat” və Qazaxıstan millisinin formasını geyinməklə yanaşı, 2007-ci ildən 2011-ci ilədək Türkiyənin müxtəlif klublarında çıxış edib. Məşqçilik karyerasında isə “Kızıl –Jar” səhifəsi xüsusiylə diqqətçəkicidi. Bu komandanı birinci liqanın qalibi edən Əliyev “Kızı-Jar”ı uzun fasilədən sonra elitaya çıxarmağı bacarmışdı. Həmin uğurdan sonra ona 2019-cu ildə Qazaxıstanın ən yaxşı məşqçisi adı verilib.
Fanat.Az-a açıqlamasında Əliyev “Qarabağ”ın düşərgəsində gördüklərindən ağızdolusu danışdı:
“Bakıda özümüzü əla hiss edirik. Sanki Avropanın ən inkişaf etmiş şəhərlərindən birindəyik. UEFA “Qarabağ”a böyük etimad göstərir, bizi də bura göndərdilər. Təsəvvür edin ki, növbəti dayanacağımız Donetsk “Şaxtyor”u olacaq. İmtahan verərkən bu iki klubu, orda gördüklərimizi, məşq sistemlərini müqayisə də edəcəyik. Qurban Qurbanov əla mütəxəssisdi, onun iş prinspini çox bəyənirik. Təsadüfi deyil ki, “Qarabağ” onun rəhbərliyi ilə fantastik uğurlar qazanıb. Şəxsən Qurban Osman oğluna, klubun rəhbərliyinə və bütün məşqçilərinə minnətdarıq. Bizim üçün hər cür şərait yaradıblar, təcrübələrini bizimlə bölüşürlər. “Olimpik Marsel”lə oyunu izləyəcəyik, qeydlərimizi aparacağıq. Daha sonra “Şaxtyor”un düşərgəsinə yollanmaq üçün Bakını tərk edəcəyik”.
Klubun sözçüsü Gündüz Abbaszadə saytımıza açıqlamasında bunları dedi: “Qazaxıstanlı mütəxəssislər bir müddətdi ki, “Qarabağ”ın düşərgəsindədilər. Məşqlərimizi izləyir, klubun strukturu ilə yaxından tanış olurlar. PRO kateqoriyasını almaq üçün imtahanlara hazırlaşırlar. Klub olaraq biz də əlimizdən gələn köməkliyi göstəririk”.
Mirağa