Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev İtaliyanın Kalyari şəhərində təşkil olunan Avropa çempionatının qızıl medalını qazanıb.
Fanat.Az xəbər verir ki, J1 kateqoriyası üzrə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat paralimpiya çempionu finalda ukraynalı Yuri Marçenko ilə qarşılaşıb. Rəqibinə "ippon"la qalib gələn Zəkiyev yarışın baş mükafatına sahib çıxıb.
Bu, 42 yaşlı idmançının səkkizinci qitə çempionluğudur.
Millimizin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.
Xatırladaq ki, ötən gün mübarizə aparan cüdoçulardan Namiq Abaslı (73 kq, J2) və İsmayıl Muradov (60 kq, J1) üçüncü yeri tutublar. Beləliklə, Azərbaycan millisi qitə çempionatını 1 qızıl və 5 bürünc medalla başa vurub.
***
Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev İtaliyanın Kalyari şəhərində təşkil olunan Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, J1 kateqoriyası üzrə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat paralimpiya çempionu mübarizəyə 1/4 finaldan qoşulub. Bu mərhələdə moldovalı İon Basoku "ippon"la yenən Zəkiyev ardınca fransalı Ceyson Qrandriyə də eyni aqibəti yaşadıb.
Bunadək yeddi dəfə analoji yarışın qalibi olan 42 yaşlı idmançı həlledici dueldə ukraynalı Yuri Marçenko ilə qarşılaşacaq.
Bakı-2015 I Avropa Oyunlarının bürünc medalçısı Zakir Mislimov (90 kq, J1) 1/8 finalda Adnan Kuyoviçə (Monteneqro), ardınca italiyalı Valerio Romano Teodoriyə qalib gələrək yarımfinala adlayıb. Lakin bu mərhələdə 47 yaşlı moldovalı paralimpiya çempionu Oleq Kretsul idmançımız üçün keçilməz olub. Mislimov bürünc medal uğrunda mübarizə aparacaq.