Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Ötən gün yarışda yeddinci turun görüşləri baş tutub. Günay bu turda Qoryaçkina ilə üz-üzə gəlib və rəqibi ilə "sülh bağlayıb".
Təmsilçimiz ilk turda O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci və üçüncü turlarda müvafiq olaraq Katerina Laqno və Polina Şuvalovaya (hər ikisi FIDE) yenilib. Dördüncü, beşinci və altıncı turlarda isə Assaubayeva, Çonqyi və Xotenaşvili ilə "sülh bağlayıb". Hazırda o, 3 xalla turnir cədvəlində 8-11-ci yerləri bölüşdürür. Lider 5 xala malik Vaqnerdir.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.