İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, yarışda doqquzuncu turun qarşılaşmaları keçirilib.
Azərbaycan şahmatçıları arasında ən yaxşı göstəriciyə malik olan Rauf Məmmədov almaniyalı Vinsent Keymer ilə üz-üzə gəlib. Tərəflər 23-cü gedişdə heç-heçəyə razılaşıb.
Nicat Məmmədov Aleksey Sarana (Rusiya), Nicat Abbasov Mark Maurissi (Fransa), Aydın Süleymanlı Liam Vrolik (Niderland), Riad Səmədov Hans Stefansson (İslandiya) ilə xalı bölüb.
Doqquz turdan sonra hesabında 7 xal olan Rauf Məmmədov rusiyalı Anton Demçenkodan 0,5 xal geri qalaraq 2-ci sırada qərarlaşıb.
Nicat Məmmədov 6,5 xalla 10-cudur.
Nicat Abbasov, Aydın Süleymanlı və Riad Səmədov isə aktivinə 5 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.
Sahib Əsədbəyli