Bu gün ikinci onlayn Şahmat Olimpiadasının top divizionunda mübarizəyə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk gündə qrup mərhələsinin üç turu oynanılacaq. B qrupunda yer alan Azərbaycan komandası startda İsveç, ardınca Şenjen (Çin), günün son duelində isə Macarıstan komandası ilə münasibətləri aydınlaşdıracaq.
Şahmatçılarımızın qrupda digər rəqibləri Hindistan, Moldova, Belarus, Sloveniya, Misir və Fransadır.
Üç gün davam edəcək qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.
Yığmanın əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıb.
Ehtiyat heyət isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayevadan ibarətdir.
Qeyd edək ki, yarışa sentyabrın 15-də yekun vurulacaq.
Sahib Əsədbəyli