Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, açılış mərasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FİNA xalı toplamış 130-a yaxın qız və oğlan üzgüçülər güclərini sınayıblar.
Bakı Su İdmanı Sarayında təşkil olunan yarışa Azərbaycan idmançıları ilə yanaşı Türkiyə təmsilçiləri də qatılıb. Açıq ölkə çempionatında Bakının müxtəlif klubları ilə birgə Naxçıvan Müxtar Respublikasından və Sumqayıt şəhərindən üzgüçülər də iştirak ediblər.
Turnirin ilk günündə oğlanlardan Abdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdurəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova, Fatimə Alkərəmova fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Qeyd edək ki, çempionata noyabrın 28-də yekun vurulacaq. Qaliblər medal, diplom və pul mükafatları ilə təltif olunur.