Tennis üzrə Uimbldon turnirində qadınların fərdi mübarizəsinə yekun vurulub.
Fanat.az xəbər verir ki, mövsümün üçüncü "Böyük Dəbilqə" seriyalı turnirinin qalibi adını avstraliyalı Eşli Barti qazanıb. Dünya reytinqinin ilk sırasında olan 25 yaşlı tennisçi Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş həlledici qarşılaşmada çexiyalı Karolina Plişkovanı yenib - 2-1(6-3, 6-7, 6-3).
Karyerasında 2-ci dəfə "Böyük Dəbilqə" seriyalı turnirdə qələbə sevinci yaşayan Barti, 1980-ci ildən bu yana Uimbldonda qalibiyyət qazanan ilk avstraliyali qadın tennisçi olub.
Ona qədər sonuncu belə uğura İvonna Qulaqonq imza atmışdı.
Qeyd edək ki, mükafat fondu 35 milyon funt sterlinq olan turnirdə bu gün kişilərin fərdi mübarizəsində final görüşü keçiriləcək. Qələbə uğrunda serbiyalı Novak Cokoviç və italiyalı Matteo Berrettini üz-üzə gələcək.