Yenə karantinə əməl etmədi, partiyə qatıldı - Məşhur idmançının görüntüləri (VİDEO)
ATP reytinqinin 7-cisi Aleksandr Zverev sevgilisi Brenda Patea ilə birlikdə Monte-Karloda partiyə qatılıb.
Fanat.Az xəbər verir ki, məşhur alman moda dizayneri Filipp Playn partidən görüntüləri "Instagram" hesabında paylaşıb. Daha sonra o, Zverevin olduğu fraqmentləri silib.
Almaniyanı təmsil edən rus əsilli tennisçi, Novak Cokoviçin təşkil etdiyi "Adria Tour"da iştirak etmişdi. Digər raketka ustalarından fərqli olaraq, onun koronavirus testinin nəticəsi neqativ çıxmışdı. Bununla belə, Zverev Cokoviçin turniri zamanı həyatını riskə atdığı hər kəsdən üzr istəmiş və xəstəliyin əksər hallarda 14 günlük periodda ortaya çıxdığını nəzərə alaraq müəyyən müddət özünü cəmiyyətdən təcrid edəcəyini bildirmişdi.
23 yaşlı idmançının sözünə əməl etməyərək partiyə qatılması başda həmkarı Nik Kiryos olmaqla, insanlar tərəfindən kəskin etirazla qarşılanıb.
Qeyd edək ki, Zverev "Adria Tour"un keçirildiyi dönəmdə Cokoviçin təşkil etdiyi əyləncə gecələrində də iştirak etmişdi.