Region Liqasının ı Turunda Paytaxt və Şimal Regionunun B qrupunda mübarizə aparan Cəbrayılın eyni adlı komandası "Davam" (Bakı) ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "Cəbrayıl" səfər görüşündən 21:0 hesablı qələbə ilə ayrılıb.
"Cəbrayıl" klubunun təsisçisi və baş məşqçisi Cavid Hüseynov Fanat.Az-a açıqlamasında turnirdəki uğurlu debüt oyununu dəyərləndirib:
"Çempionata olduqca ciddi hazırlaşmışdıq. Özümüzü bu turnirdə hərtərəfli olaraq yaxşı göstərmək niyyətindəyik. Hazırlığımız yaxşı keçib. Komandanın əsas heyətini gənc futbolçular təşkil edir. Üç nəfər təcrübəli futbolçumuz var.
İstəməzdim ki, dünənki qələbə bizdə arxayınlıq yaratsın. Çalışacağıq ümumiyyətlə hesaba önəm verməyək. Mən ilk gündən bildirmişəm ki, başlıca məqsədimiz yarışda hər hansısa yer tutmaq deyil, əsas gənc futbolçuların inkişafı və təcrübə toplamasıdır. İstedadlı futbolçuların daha da mükəmməl şəkildə inkişafı bizim üçün önəmlidir. İşlərimizi əsasən bu yöndə qurmuşuq. İnanırıq ki, istəyimizə nail olarıq. Dünən ilk oyunumuz idi, qələbə ilə başlamaq sevindirici haldır."
Emin Şəmsiyev