Artıq iki gündü paytaxtda məskunlaşan “Xəzər Lənkəran” “Rəvan”la qarşılaşmanın hazırlığına start verib. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında komanda gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.
Bir müddətdi zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, Mbilla Etame və Manuel Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni zədə üzündən hələlik hazırlıqdan kənarda qalıb. O cümlədən milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Deyan Blajevski (Makedoniya millisi) “Xəzər Lənkəran”dan ayrı düşüblər.
Bakıda hazırlığını davam etdirən komanda mart ayının 7-də matçın keçiriləcəyi “Bayıl Arena”da oyun öncəsi son məşqini keçirib matç saatını gözləyəcək.
Fanat.az