"Tarixi püşkdür və bizim üçün sevindiricidir. "Qalatasaray" Bakıya, Azərbaycana gələcək. Möhtəşəm qarşılaşma gözləyirik".
Bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "A Spor" televiziyasına açıqlamasında Türkiyə "Qalatasaray"ı ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin matçı barədə danışarkən deyib.
Funksioner hər iki kollektivin növbəti mərhələyə yüksəlmək istədiyini bildirib. Quliyevin sözlərinə görə, hər bir komandanın öz hədəfləri mövcuddur: "Nəticədən asılı olmayaraq, bizim qardaşlığımız var. Hamı növbəti raunda və qrup mərhələsinə yüksəlmək istəyir. Ən önəmlisi odur ki, Türkiyə futbolunun 4 böyük komandasından biri Azərbaycanda rəsmi matça çıxacaq. İnanıram ki, yaxşı matç olacaq. Biz buna hazırıq".
Klub rəhbəri paytaxt təmsilçisinin bir neçə futbolçu transfer edəcəyini sözlərinə əlavə edib: "Transferləri "Qalatasaray"la matça görə etməyəcəyik. Planımız var idi, o planla da gedəcəyik. Bir və ya iki yeni futbolçu almağı düşünürük. Çempionatımız yeni başlayıb və ilk görüşümüzü keçirmişik. Sentyabrın 11-də daha bir matça çıxacağıq. Transfer işləri hələ yekunlaşmayıb. Ümid edirəm ki, "Qalatasaray"la oyunadək bu məsələni yekunlaşdıracağıq".
Quliyev "Türkiyədə hansı kluba azarkeşlik edirsiniz" sualını belə cavablandırıb: "Bu, maraqlı sualdır. Mən 1995-1996-cı ildə Şimali Kiprdə tələbə olmuşam. Həmin vaxt "Cim-Bom"a azarkeşlik edirdim. Amma hazırda biz bu tərəfdəyik, "Qalatasaray" o tərəfdə. Mənim ürəyim və beynim "ağ-qara"dır. 100 faiz "Neftçi"liyəm".
Klub prezidenti Türkiyə futbolu haqqında da fikirlərini bölüşüb: "1995/1996 mövsümündən bəri Türkiyə futbolunu izləyirəm. Aşağı yaş qruplarında yaxşı oyunçular yetişir. Avropada türk əsilli futbolçu çoxdur. Avropanın məşhur klublarında çıxış edən oyunçular milli komandanızda oynayır. Ona görə də heyət yeni və gəncdir. Böyük uğurlarınız çox uzaqda deyil. Türkiyə futbolunun yaxın gələcəkdə yenidən zirvələrə qalxmasını səbrsizliklə gözləyirəm".
Quliyev hazırda transfer siyahısında türkiyəli futbolçunun olmadığını vurğulayıb: "Daha əvvəl "Neftçi"nin tarixində türkiyəli futbolçular olub. Amma mən Türkiyə klubları ilə işləyirəm. Böyük komandalarda bizim dostlarımız var. Yanınızda əyləşən jurnalist İlqaz Çınarı yaxından tanıyıram. "Neftçi"nin daha əvvəl "Bursapor" klubu ilə müqaviləsi var idi. Həmin vaxtdan bəri bir-birimizi tanıyırıq. Türkiyə Futbol Federasiyası və klublarda tanıdığım çoxlu sayda insan var".
Klub rəhbəri püşkatmada İstanbul təmsilçisi ilə qarşılaşmağı gözlədiyini bildirib: "İlk olaraq, bizə 3 mümkün rəqibi təqdim etdilər. "Qalatasaray"ı görəndə düşündüm ki, bu komandaya qarşı oynayacağıq və çox sevindim. II turda zəif rəqib yoxdur. Bu matça bayram əhval-ruhiyəsində çıxacağıq. Amma çətin qarşılaşma olacaq. Azarkeşlərimiz stadionda olmayacaq, buna kədərlənirik. Dünyada yayılan koronavirus səbəbindən oyunlara azarkeş buraxılmır. Amma milyonlarla insan televiziya vasitəsi ilə qarşılaşmanı izləyəcək. Bu da nəticədən asılı olmayaraq, tarixə düşəcək".
Funksioner "Qalatsaray"dan futbolçu alsanız, kimi transfer edərsiniz" sualına belə cavab verib: "Bilmirəm, Arda Turanı alardım. O da sizin üçün yeni transferdir" (gülür).
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.
Mənbə: Report.az