AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verildiyi, italiyalı mütəxəssisin göndərildiyi bəllidir.
Əcnəbi çalışdırıcının yola salındığı bəllidirsə, "yerli yoxsa, gəlmə", "yığmada heç olmasa, sabitliyə nail olmaq üçün nə etmək olar", "biz Qazaxıstan, Moldova qədər inkişaf etmək üçün nələr etməliyik" və sair suallar yada düşür. Millinin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb məsələ ilə bağlı mövqeyini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaman göstərdi ki, De Byazi milliyə xüsusi nəsə qazandıra bilməyib. Komandada sabitliyin olmaması danılmaz məqamdır. Bunu hamımız bilirik. Məncə, göndərilməsi doğru və gecikmiş qərardır.
Millini artıq yerli mütəxəssisə tapşırmağın vaxtıdır. Bizdə bu işin öhdəsindən gələcək məşqçilər var. Yığmada əsas söz sahibi Azərbaycan mentalitetini bilən, futbolçularla tərcüməçisiz ünsiyyət quran birinin olması vacib şərtdir. Əcnəbi modeli işə yaramadı. Yerli mütəxəssis olmalı və ona ən azı 2 il vaxt verilməlidir. Komandanı tam formalaşdırmaq üçün daha çox vaxta ehtiyac var. Yəni mən ən azı deyirəm. Əlbəttə ki, 4-5 il vaxt versələr, daha yaxşı olar. Eyni zamanda yerli məşqçiyə də yaxşı şərait yaradılmalıdır".
Nihat