“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 1:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Oyunçularda bir az yorğunluq var. Bir neçə oyundan sonra imkan tapıb dincəlmək və daha fərqli şəkildə oynamaq lazımdır. Hazırda bərpa olub oyuna çıxa bilmirik. Liqanın əvvəlidi. Bu oyun haqda danışmaq istəmirəm. Növbəti oyunlara yönəlməliyik.
Avrokuboklarda ilk ələnən komanda kimi futbolçularda bunun üzüntüsü və kədəri var. Biz bu günə qədər top itirməyən, top saxlayan komanda kimi tanınırdıqsa, bu dəfə fərqli oldu. Oyunçularla da danışdım. Top itirməsəydik, qələbə qazana bilərdik. Oyunçuları da anlamağa çalışırıq. Düşünürəm ki, biz fiziki hazırlıq baxımından rəqibə uduzduq. Biz bunu qəbul etməliyik.
Motivasiyamız ola bilər ki, həm futbolçularda, həm bizdə dəyişib. Lakin “Sumqayıt”a rəhbərlik etdiyim üçün əsla peşman deyiləm. Komandamı yarıda qoyub qaçmaq fikrində deyiləm”.