"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Zaqreb "Dinamo"suna qarşı keçirəcəkləri matçdan - UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Oyunun mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib matçdır. Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər.
Qapıda kimin olacağına sabah qərar verəcəyik.
Yenilgi bizim üçün faciə sayılacaqmı? Xeyr. Hər məğlubiyyəti faciə saysaq, gərək bu işi görməyək".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.