
"Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı çalışdırıcı “Növbəti turda "Neftçi" "Kəpəz"lə oynayacaq. Hər iki komanda autsayderdir. Vaxtı ilə bu iki komanda güclü idi və bu komandaların oyunu derbi sayılırdı...” fikrinə belə cavab verib: “Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdır. İndi yalnız qələbə haqda düşünməliyik. Bu, "Neftçi" üçün çox vacibdir. Başqa heç nə haqda düşünmürük”.
Mütəxəssis nəticələrinin şəraitlərinə layiq olmadığını vurğulayıb: “Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımız futbol və nəticələr bundan çox geri qalır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə etmək olar”.
O, uğursuz seriyanı psixoloji durumla əlaqələndirib: “Taktiki və fiziki çatışmazlıqlar yoxdur. Oyunçuların üzərində psixoloji təzyiq var. Psixoloji cəhətdən daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək.
"Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki gələcəkdə nələr baş verəcəyini düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir”.
Əcnəbi mütəxəssis futbolçusu Emin Mahmudovun durumundan danışıb: “Yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həftədən məşqlərə qoşulacaq”.
Qriqorçuk gələn tur “Kəpəz”lə qarşılaşmada qələbəyə ehtiyac olduğunu və komandanın durumuna böyük təsir göstərəcəyini bildirib: “Bayaq dedim, yenə cavab verim. Min faiz əminliklə deyə bilərəm ki, qələbə qazansaq, daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi, mənə də təsir edir. Bilmirəm hansı sözlə ifadə edim. Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq”.
O, "Neftçi" rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiz?” sualına belə cavab verib: “Gəlin futbol haqda danışaq. Bu mövzular haqda daxili müzakirə edirik”.