“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Abasov 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
““Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı komandaya qarşı oynadıq. Oyun haqda danışmaq çətindir. Üzüntülü vəziyyətdə idik, çünki bu matçadək futbolçularımız bir-bir sıradan çıxmışdı. Həm də “Sabah”la oyundan sonra məşq etməyə o qədər də vaxtımız qalmamışdı. Liderlər qrupunda qərarlaşan rəqibə qarşı matçın əvvəllərindən sanki komandamızda bir gərginlik vardı. Futbolçularımızın bir-bir sıradan çıxması təkcə planları yox, ümumiyyətlə, hər şeyi pozdu və rotasiya imkanlarımızı məhdudlaşdırdı. Görüləcək işlərimiz doğrudan da çoxdur. Bu yola çıxmışıq və inanırıq ki, öhdəsindən gələcəyik. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Oyun bitəndən dərhal sonra futbolçularımızla söhbət etdilər, bizi dəstəklədilər. Sağ olsunlar, var olsunlar.
Bu gün transfer haqda fikirləşmirik. Bu heyət bir məşqçiyə yetəcək qədərdir. Heyət həm keyfiyyət, həm də say baxımından çox yaxşıdır. Sadəcə, bu gün 6-7 oyunçumuz yox idi. Bu, bizə problem yaratdı”.