
Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçı Qəbələdə keçirilib. Lider "Sabah" Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar"ın qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas fikirlərini jurnalistlərlə bölüşüb:
"Əvvəlcə oyuna görə hər iki komandaya təşəkkür edirəm. Öz komandama qələbə üçün xüsusi təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım idi. Rəqibin oturuşmuş müdafiəsini yarmaq bizim üçün çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. İkinci hissənin əvvəlində daha yaxşı çıxış etdik. Qol vurduq. İkinci qolu da vura bilərdik. Görüşün son dəqiqələri isə bizim üçün gərgin keçdi. "Qəbələ" son 10 dəqiqədə tam heyətlə hücuma atıldı və ciddi təzyiq yaratdı. Açığı, bəlkə də bu gün bir xala layiq idilər. Qapıçımızın möhtəşəm qurtarışı komandamızı xilas etdi. Sonda 3 xalı qazanan tərəf biz olduq. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. İndi isə diqqətimizi qarşıdakı "Kəpəz"lə oyuna yönəltməliyik".
Kamil Xudiyev