
1-ci Liqanın 17-ci turunda çempionluq uğrunda mübarizə aparan iki komanda - "Baku Sportinq" və "Mingəçevir" qarşılaşacaqlar. Buzovnada baş tutacaq qarşılaşma ərəfəsində meydan sahiblərinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi həddindən artıq ağır bir oyun gözləyir. Biz ikinci pillədə yer almışıqsa, rəqib üçüncü sıradadır. Aramızda cəmi 4 xallıq fərq var. Bilirik ki, "Mingəçevir" Buzovnaya qələbə dalınca gələcək. Çünki rəqib üçün bu qarşılaşma mövsümün oyunudur. Onlar bizə uduzacaqları halda, çempionluq yarışından "qopacaqlar". Bu baxımdan işimizin asan olmayacağı dəqiqdir.
Oyuna böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşırıq. Bizim də öz hədəflərimiz var. Qələbələri sıralamaq, liderdən uzaq düşməmək istəyirik. Səfərdə onlara qalib gəlmişik. Bu dəfə öz meydanımızda oynayacağıq. İnanıram ki, "Mingəçevir"lə matçda yaxşı oyun göstərib meydandan 3 xalla ayrılacağıq".
Qeyd edək ki, "Baku Sportinq" - "Mingəçevir" görüşü martın 5-də reallaşacaq. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Toğrul