
UEFA Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq "Neftçi" Minsk "Dinamo"su ilə üz-üzə gələcək. Tərəflərin ilk görüşü iyulun 23-də "Palms Sport Arena"da, cavab qarşılaşması isə bir həftə sonra Belarus təmsilçisinin ev oyunlarını keçirdiyi Bolqarıstanda reallaşacaq. Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb "ağ-qaralar"ın "Dinamo" ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əlbəttə, bütün rəqiblərə hörmətlə yanaşmaq vacibdir. Belarus klublarını son vaxtlar avrokubokların əsas mərhələlərində görmürük. Bir vaxtlar BATE qitəmiqyaslı yarışlarda özünü yaxşı tərəfdən göstərirdisə, indi durum fərqlidir. Məncə, cütün favoriti "Neftçi"dir. Azərbaycan təmsilçisi rəqibindən üstün komandadır. Komandaların heyətlərindəki oyunçuların keyfiyyətini də müqayisə etsək, eyni nəticəyə gələrik. Təmsilçimizin "Dinamo"nu mübarizədən kənarlaşdıracağını düşünürəm".
Nihat