
Yeni mövsümdə 1-ci Liqada çempion olaraq Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən "Şahdağ Qusar" rəhbərliyi təcrübəli mütəxəssis Füzuli Məmmədovu komandanın "sükanı arxası"na gətirib və bölgə təmsilçisi heyətini ölkənin tanınmış futbolçularıyla gücləndirib. Onlardan biri də geridə qalan "futbol ili"ndə "Şəfa" ilə çempionluq yaşayan müdafiəçi Vüqar Həsənovdur.
28 yaşlı arxa xətt oyunçusu Fanat.Az-ın suallarını cavablandırıb:
- "Şəfa"nı "Şahdağ Qusar"a dəyişdin. Bu keçiddə daha öncə də rəhbərliyi altında oynadığın Füzuli Məmmədov amili nə dərəcədə rol oynadı?
- Öncə menecerlər mənimlə əlaqə saxlayıb belə bir varinat olduğunu dedilər. Daha sonra Füzuli müəllimlə danışdıq. Əlbəttə ki, baş məşqçi amilini nəzərə aldım. Onun rəhbərliyi altında yenidən oynayacağım üçün məmnunam.
- Qusar təmsilçisi çempionluğu hədəfləyib. "Səbail", "Karvan-Yevlax", MOİK-in də mübarizəyə eyni məqsədlə başlayacağını nəzərə alsaq, çempion olacağınıza inanırsanmı?
- Məşqlərə başladığımız ilk gündən məqsədimizin çempionluq olduğu bizə bildirilib. Hədəfimizə çatmaq üçün bütün gücümüzü səfərbər edəcəyik. Bəlli məsələdir ki, adlarını çəkdiyiniz klubların da yaxşı heyəti və yüksək hədəfləri var. Onlar da çempionluğa oynayacaqlar, amma biz özümüzə inanırıq. İstəyimizə nail olacağımıza ümidliyik.
- "Sabah" və "Qarabağ"ın əvəzedicilərini yoxlama oyunlarında 4:0 hesabı ilə üstələmisiniz. Növbəti sınaq qarşılaşmasından - Premyer Liqa təmsilçisi "Neftçi" ilə matçdan nə gözləyirsən?
- Bəli, iki yoxlama oyunu keçirmişik və hər ikisində böyük hesablı qələbələr qazanmışıq. Lakin bu, hələ heç nə demək deyil. Yoxlama oyunları bildiyiniz kimi, hazırlıq xarakterlidir. "Neftçi" ilə matçda da, sonrakı sınaq qarşılaşmalarında da baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.
- "Şahdağ Qusar"ın azarkeşlərinə nə demək istəyərdin?
- Azarkeşlərimizin nəyə qadir olduğundan xəbərdaram. Onlara demək istəyirəm ki, bizə dəstək olsublar. Futbolçu və komanda üçün azarkeşlərin dəstəyi olduqca önəmlidir. Biz də onları sevindirmək, komandanı yüksəklərə daşımaq istəyirik.
Nihat