
1-ci Liqanın 3-cü turunda əsasən gənc futbolçulardan qurulmuş "Zaqatala" iddialı "Karvan-Yevlax"ın qonağı olacaq. İlk 2 turda 4 xal qazanaraq futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirən Zaqatala təmsilçisinin baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb yevlaxlılarla səfər qarşılaşmasından nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah" bizi çox çətin bir sınaq gözləyir. Qarşımızda təcrübəli "Karvan-Yevlax" komandası var. Rəqibin baş məşqçisinin Ramiz Məmmədov olduğunu da unutmayaq. Uzun illər yaxşı nəticələr qazanmış mütəxəssisdir. "Karvan"ın heyətində Premyer Liqa təcrübəsinə malik oyunçular var.
Rəqibi detallı şəkildə təhlil etmişik. Üstün və zəif cəhətlərini öyrənmişik. Futbolçulara meydanda nəyi necə etməli olduqlarını demişik. Gəcn və mübariz komandamız var. Ümid edirəm ki, uşaqlar üzərlərinə düşən işin öhdəsindən gələcək və ağır səfər matçında istədiyimiz nəticəni əldə edə biləcəyik. Təbii ki, yekun nəticənin necə olacağını zaman göstərəcək. Hansı hesabın qeydə alınacağı gənclərin tapşırıqları necə yerinə yetirəcəyindən asılıdır".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Zaqatala" qarşılaşması sabah keçiriləcək. Yevlax şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:30-da səsləndiriləcək.
Nihat