Topaz Premyer Liqasının XXI turu çərçivəsində "Zirə”ni qəbul edən "Kəpəz”in baş məşqçisi Yunis Hüseynov matçsonrası mətbuat konfransı keçirib. Çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Fasilə yaranmışdı. Məşqləri Bakıda davam etdirdik. Təəssüf ki, bu müddətdə yoxlama görüşü keçirə bilmədik. Elə buna görə də ilk yarıda bir qədər axsamalar oldu. Fasilədən sonra pis oynamadıq. Amma 85-ci dəqiqədən sonra qol buraxa bilərdik. Bilirsiniz də bu son 5 dəqiqə söhbətini. Təəssüf ki, Manjqaladze sarı vərəqə aldı və cəzalı duruma düşdü. Demişdim ki, Gəncədə məskunlaşmağımızı istəyirəm. İki gündən sonra Gəncəyə qayıdıb, növbəti tura hazırlaşacağıq.
- Olmazmı ki, komanda heç Bakıya qayıtmasın?
- Bir sıra legionerimizin ailəsi Bakıda qalır. Sabah istirahət günüdü. Buna görə də qoy dincəlsinlər.
- Roman Hüseynov əvəzlənərkən meydanı əsəbi şəkildə tərk etdi. Hətta siz əl uzadanda əlinizi candərdi sıxdı.
- Ola bilməz ki, kimsə mənə etiraz etsin. Bütün diqqətim oyunda idi, amma düşünmürəm ki, belə bir şey etsin.
- Manjqaladze cəzalı duruma düşdü. Ancaq bu, oyun epizodunda yox, hakimlə danışığa görə oldu.
- Buna görə pul cəzasına məruz qalacaq.
- Oyunun son dəqiqələrində futbolçularınıza top saxlamağı tapşırdınız. Bu, yetirmələrinizin yorğunluğu ilə bağlı idi?
- Xeyr, sadəcə, 4 oyunda 85-ci dəqiqədən sonra qol buraxmağımızı xatırlayırdım. Ancaq diqqət yetirdinizsə, final fiti səslənərkən biz hücumda idik. Yəni yorğunluqdan söhbət gedə bilməzdi. (Sport24.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol