"Neftçi” futzal klubunun Gürcüstanda keçirmək istədiyi təlim-məşq toplanışı ləğv edilib.
Fanat.Az xəbər verir ki, buna səbəb futzalçıların xəstələnməsi olub. Araşdırmalardan sonra ortaya maraqlı mənzərə çıxıb.
Futzal üzrə yüksək liqanın qış fasiləsindən sonrakı ilk turuna yanvarın 29-da "Xəzər Cənub” – "Neftçi” (4:2) matçı ilə yekun vuruldu. Əslində, oyun ayın 25-də baş tutmalı idi. Sadəcə, "Neftçi” əvvəlcədən Futzal Federasiyasına müraciət edərək, Gürcüstana təlim-məşq toplanışına gedəcəyini bildirərək matçın ertələnməsini xahiş etmiş, istəyinə nail olmuşdu.
Lakin bakılılar qonşu ölkəyə getməyib. "Neftçi” tərəfi isə and-aman edir ki, federasiyanı aldatmayıblar. Sadəcə, plan son anda dəyişib. Hər halda, baş məşqçi Hacıbala Abdullazadə belə deyir:
"Allaha and olsun, gedəcəkdik. Hər şey hazırlanmışdı. Yola çıxmamışdan bir gün əvvəl heyətin 6 üzvü birdən xəstələndi. Əslində Vitali Borisovla Rüfət Balakişiyev bir neçə gün əvvəldən qripə yoluxmuşdular, bunu özünüz də "Araz”la yoxlama oyununa gələndə görmüş, məqalədə qeyd etmişdiz. Səfərə qədər onlar sağalmadı, üstəlik, daha 4 nəfər xəstələndi. Bu vəziyyətdə yola çıxmaqdan qorxduq. Onsuz da Gürcüstanda öldürücü virus var, deyirlər orda "donuz qripi” tüğyan edir. Xəstə heyətlə ora gedəndə sərhəddə uzun-uzadı yoxlanışa cəlb edəcəkdilər. Nə isə, qismət deyilmiş. Bu dəfə alınmadı, pley-off oyunlarından əvvəl birhəftəlik gedərik. Rəhbərliklə də bunu müzakirə etmişik, belə məsləhət görüblər”. (Futbol+)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol