Əli Sahib
Suvaq işi də peşəkarlıq tələb edir. Evini təmir etdirənlər yaxşı bilər. Usta peşəkardısa, mütləq köhnə divar üzünün qaşınmasını, boyadan təmizlənməsini məsləhət görür. Vay o suvaqçının halına ki, ev sahibi gönüqalın, pullu, öz bildiyini doğru sayan olsun. "Necə deyirəm elə də et” şərti qarşısında susan usta Əhməd evinə aparacağı çörəkpulu üçün peşəsinə xəyanət etmək məcburiyyətində qalır. Köhnə, zövqsüz, solmuş boyalı divarı suvamağa başlayır. İş prosesində hərdən uca səslə zümzümə edən Əhməd sanki ev sahibinə həvəslə işlədiyini də nümayiş etdirmək istəyir. Abırsız ev sahibi də arada "züy tutur”. Nə isə...
Çox zaman keçmir. Yenicə vurulmuş, divarın eyibini örtmüş suvaq "atmağa” başlayır. Yazıq Əhməd həftə səkkiz, mən doqquz çatlara yamaq vuraraq girinc qalmaqla yanaşı, ev yiyəsinin də tənəsini alır. Başını qaldırıb deyə də bilmir ki, axı mən demişdim. O gün, bu gün Əhməd peşəsinə xəyanətin cəfasını çəksə də, səfasını da görür. Vaxtında başıboş ev sahibinin "burnunun dikinə getməsi” suvaqçının daimi çörəkpuludu. Hər ay üçün beş-on manat, min bərəkət. Yenə nə isə...
Hardan-hara gəldim e...
"Neftçi”dən yazacaqdım.
Klub düzəlmir ki, düzəlmir. Çempionluğa həsrət flaqmanın imicini düzəltmək üçün Əhməd zümzüməyə başlayır, klub da "züy verir”. Nə olursa, bu soxaya qalmış "züy”dən sonra olur. Gah klubda karantin qaydalarının pozulması haqqında xəbər yayılır, gah da komandanın aparıcı futbolçusu əzəli rəqibin formasında şəkil paylaşır.
Baş düzəldirlər, gö...z çıxır. Göz düzəldəndə ümumiyyətlə, işin zibili çıxır. Palaz-palaz açıqlamalar, yazılar gedir, tərif yağır, gələcək planlardan dəm vurulur, bu dəm...
Bu dəm məlum olur ki, "suvaq atdı”.
Yazıq Əhməd...